Haqqımızda
“BAKI FİLM” KİNOSTUDİYASININ TARİXİ.
HƏR ŞEY OLDUĞU KİMİ…
Biz niyə yarandıq? Və biz yaranana qədər Azərbaycan kinematoqrafı və ümumilikdə audiovizual sənətində hansı vəziyyət hökm sürürdü?
Azərbaycan dövləti milli kinoya hər il dəstək göstərsə belə, xalqımız üçün mühüm əhəmiyyət kəsb edən mövzuların lazımi şəkildə təqdim edilməməsi, müasir dünya standartlarına cavab verən kino üslubunun yetərincə olmaması, həmçinin kino yayım şəbəkəsinin yoxluğu əsas prioritetləri təşkil edirdi. Televiziya serialları sahəsinə gəldikdə isə, tək-tük halda kanallar, yaxud özəl studiyalar tərəfindən lentə alınan bu tip ekran əsərləri, Azərbaycan tamaşaçısının tələbatını ödəmirdi. Bir zamanlar, ötən əsrin 90-cı illərində efirimizə hakim kəsilmiş Latın Amerikasının qəhrəmanları öz yerlərini 2005-ci ildən etibarən dil və din birliyi, ərazi baxımından bizə daha yaxın olan Anadolu qəhrəmanlarına təhvil verdi. Amma, Azərbaycan ekranı milli obrazlara ehtiyac duyduğundan, ölkənin aydın və vətənpərvər ziyalılarını bu problem dərindən düşündürürdü.
Və nəhayət 2006-cı ildə “ANS Şirkətlər Qrupu”nun Prezidenti Vahid Mustafayev, Azərbaycan milli kinematoqrafiyasına fərqli rakursdan baxmaq məsuliyyətini üzərinə götürərək, qətiyyətlə, müasir tələblərə cavab verən “Bakı Film” Kinostudiyasının əsasını qoydu. Vahid Mustafayevin rəhbərliyi ilə Kinostudiyanın ilk idarə heyəti təşkil olundu. İdarə heyətinin tərkibinə, “ANS Şirkətlər Qrup”nun vitse-prezidenti, tanınmış jurnalist Mir Şahin Ağayev, Azərbaycan peşəkar jurnalistikasının öncül nümayəndələrindən olan Mais Məmmədov (“ANS Şirkətlər Qrupu” MMC Prezidentinin müşaviri), uzun illər Azərbaycan Dövlət Televiziyası və Radiosunda mədəniyyət və incəsənətimizi layiqincə təbliğ etmiş qələm ustadı Mailə Muradxanlı (“Bakı Film” Kinostudiyasının baş redaktoru, 2010-cu ildə dünyasını dəyişib) daxil idi. Kinostudiyanın qarşısında dayanan ən mühüm vəzifələrdən biri, Azərbaycan xalqı və dövlətinin maraqlarına cavab verəcək ekran əsərlərinin yaradılması, vətənpərvərlik ideyalarının düzgün tərzdə aşılanması, Birinci Qarabağ savaşı həqiqətlərinin olduğu kimi bədii ekranın dili ilə çatdırılması idi. Amma, ilk növbədə beynəlxalq standartlara cavab verən proqramların qurulması lazım idi. Dünyanın nüfuzlu istehsalçılarının ssenari, çəkiliş planlaması, maliyyə bazasının qurulmasında apaırıcı qüvvə olan kreativ proqramlar “Bakı Film” Kinostudiyasının təməl prinsiplərinə gətirildi.
Kinostudiyanın müraciət etdiyi ilk ekran əsəri Vahid Naxışın ssenarisi əsasında lentə alınan “Bulağıstan” bədii filmi oldu. İnam və iman kimi vacib məqamları Qarabağ müharibəsinin fonunda təqdim edən bu mükəmməl ekran əsəri, Kinostudiyanın cəmiyyətə verdiyi mesaj idi. Bunun ardınca, sıra televiziya ekranının idi. 2007-ci ildə Kinostudiyada 6 pilot seriyadan ibarət olan “Qızlar” televiziya serialı istehsalata buraxıldı. Ardınca, 2008-ci ildə Azərbaycan xüsusi xidmət orqanlarının dövlətçilik uğrundakı fədakar əməyindən bəhs edən “Seçilən” bədii filmi ekrana çıxdı. Filmin təqdimat mərasimi gurultulu və adına layiq təmtəraqla Səməd Vurğun adına Rus Dövlət Dram Teatrında keçirildi. Filmin təqdimat mərasiminin dünya nümayişləri səviyyəsində keçirilməsi, aktyorların qırmızı xalça üzərindən keçərək, zala daxil olmaları, Azərbaycan mili kinosu tarixində ilk hadisə idi. Böyük tamaşaçı marağına səbəb olan “Seçilən” filmi təkcə nümayiş zallarında deyil, eyni zamanda rəsmi DVD versiyada da evlərimizə yol tapdı. Bu isə artıq, milli kino yayımın tələb etdiyi strateji məsələlərdən biri idi. Onu da qeyd edək ki, ekran əsəri Vahid Mustafayevin ssenarisi və quruluşıunda ərsəyə gəlmişdi.
2009-cu ildə dövlət əmlakının talan edən, narkotik və insan alveri hesabına qazanc əldə edən cinayətkar dəstənin ifşasından bəhs edən “Qaydasız döyüş” serialı ekranlara vəsiqə qazandı. Serial həm yüksək televiziya reytinqlərinə sahib oldu, DVD versiyası dükanklara iri tirajla satıldı. Çoxsaylı tamaşaçıların xahişi ilə “Qaydasız döyüş” serialı bir neçə dəfə “ANS” televiziyasının efirində nümayiş etdirildi.
2010-cu ildə “Bakı Film” Kinostudiyası, Vahid Mustafayevin “Yaddaş” adlı yeni ekran əsərinin təqdimat mərasimini keçirdi. Yaddaş filmində cərəyan edən hadisələr, birinci Qarabağ müharibəsinin başlanğıcına təsadüf edir. Erməni-rus hərbi birləşmələrinin kəndə hücumunun qarşısını fədakarlıqla almağa çalışan 4 gəncdən biri Azər ölümcül yaralanır. Yalnız 17 ildən sonra, komadan ayılan Azər, keçmişi xatırlamaq üçün yola çıxır.
2011-ci ildən etibarən “Bakı Film” Kinostudiyası, Bakının Lökbatan qəsəbəsində inşa edilmiş yeni inzibati-yaradıcılıq-istehsalat binasında fəaliyyətinə davam etdirməyə başladı. Eyni zamanda Kinostudiyanın maddi-texniki bazası yeniləndi, gəlirlər hesabına investisiya qoyuluşu genişləndirilərək, müasir kino çəkiliş texnikası əldə edildi.
Həmin il, Azərbaycan Respublikası Prezidentinin dəstəyi ilə, “Bakı Film” Kinostudiyasında rejissor Vahid Mustafayevin “Xocalı” soyqırımının acı həqiqətlərindən bəhs edən “Xoca” bədii filmi (həmçinin eyni adlı Televiziya serialı) istehsalata buraxıldı. Ekran əsərinin ilk nümayişi 26 fevral 2012-ci ilə, Xocalı soyqırımının 20 illik anım tarixində, yenicə istifadəyə verilmiş Nizami Kino Mərkəzində keçirildi. İki gənc – Əliəkbər və Günel ərizə verib, Bakıda nikah növbəsinə dayanırlar. Nikah və toy mərasimin 1992-ci il fevralın 25-də keçirmək qərara alınandan sonra kəşfiyyat zabiti Əliəkbər dərhal xidmət etdiyi Qarabağa – Xocalıya qayıdır. Toy təyin edilən gün bəy libasında Bakıya yollanan Əliəkbər, döyüşçü dostları Yura Çyornıy və Arzu, eləcə də Əliəkbərin ailə üzvləri, Xocalının ermənilər tərəfindən tam mühasirəyə alındığını görür. Əliəkbər çətin seçim qarşısında qalır, Bakıya toya getsin və ya Xocalıya qayıdıb dostları ilə şəhəri və əhalini müdafiə etsin. Bu sualın cavabını onun ürəyi verir…
Alman neoekspressinizmi üslubunda lentə alınan “Xoca” bədii filmi, “Bakı Film” Kinostudiyasının tarixində yeni mərhələ idi. Belə ki, filmin istehsalına əcnəbi mütəxəssislər cəlb edilmiş, dünyanın bir sıra aparıcı şirkətləri ilə işgüzar əlaqələr qurulmuşdu. Müasir tələblərə cavab verən, 35 mm.lik kinolentində təqdim edilən filmin post-prodution işləri İran islam Respublikasında yerləşən məşhur “Behnam” studiyasında, eyni zamanda rəng tənzimlənməsi və Dolby Digital sistemində səs işlərinin aparılması Almaniyanın nüfuzlu “CinePost” Şirkətində həyata keçirildi. “Xoca” filmi 43-cü “Qızıl Portağal” Beynəlxalq Film Festivalına dəvət aldı. Daha sonra 35-ci Qahirə Beynəlxalq Film Film Festivalının “İnsan Haqqları” bölməsinə dəvət alan “Xoca” filmi, ilk dəfə olaraq, Azərbaycanı layiqincə təmsil etdi (“Xoca” filminə qədər heç bir Azərbaycan filmi əsas yarışmada, eləcə “İnsan Haqqları” bölməsində təmsil etməmişdi). Dünyanın bu mötəbər film yarışması çərçivəsində keçirilən beynəlxalq statuslu film marketdə, “Bakı Film” Kinostudiyası öz məhsullarını təqdim etdi. “Xoca” filmi dünyanın bir sıra ölkələrində, London, Haaqa, Rotterdam, İstanbul, Bişkek, Moskva və digər şəhərlərdə böyük izdihamla nümayiş etdirildi, tamaşaçı rəğbətinə sahib oldu.
Azərbaycan Respublikası Prezidentinin “Milli seriallar və televiziya filmlərinin istehsalı haqqında” Sərəncamına müvafiq olaraq, “Bakı Film” Kinostudiyası, “ANS Müstəqil Yayım və Media” Şirkətinin sifarişi ilə 61 seriyalı “Ağabəyovlar” Televiziya serialı istehsalata buraxıldı. Serialın çəkilişləri, “Bakı Film” Kinostudiyasının yeni binasında 864 km.lik pavilyonda inşa edilmiş dekorlarda aparılırdı. Serialın aktyor bazasını möhkəmləndirmək məqsədilə, Amerikalı ulduz, tanınmış aktyor Leyn Deyvisin rəhbərliyi “Bakı Film” Kinostudiyasında “Kamera həssaslığı” adlı treninq keçirildi. “Ağabəyovlar” televiziya serialının təqdimat mərasimi 19 sentyabr, 2012-ci il tarixdə “Nizami” Kino Mərkəzində gerçəkləşdi. Təqdimat mərasimini serialın rejissoru Vahid Mustafayev və tanınmış aktyor Leyn Deyvis açıq elan etdilər. Tədbirdə bəyan edildi ki, “Bakı Film” Kinostudiyası serial istehsalında fundamental olaraq, Amerika Birləşmiş Ştatları sabun operalarının üslubunu özünə əsas xətt kimi seçib. Bu üslub daha sonra özünü 2013-cü ildə istehsalata buraxılan və elə həmin ilin oktyabr ayında ekranlara vəsiqə qazanan 30 seriyalı “Göyçək Fatimə” serialında da özünü göstərdi. Şəhər və kənd tandemi üzərində qurulan bu yeni ekran əsərində Tanınmış Şirkətlərdən birinin rəhbəri Nadir Musayev, oğlu, eyni zamanda Şirkətin vitse-prezidenti Anarın etinasız, əyləncə dolu həyatından narahatlıq nümayiş etdirərək, ona yeni katibə axtarır. Və katibə xarici görkəminə görə oğlanları maraqlandırmayan Fatimə olur. Təhsili, ağlı və hazırcavablığı ilə Fatimə Anarın ən yaxşı köməkçisinə çevrilir. “Göyçək Fatimə” serialının çəkilişləri, “Bakı Film” Kinostudiyasının, Abşeron rayonunun Qobu qəsəbəsində yeni istifadəyə verilmiş pavilyonunda aparıldı.
Eyni zamanda, mütəmadi olaraq, Kinostudiyanın səsyazma studiyalarında hər ay onlarla bədii film, dünya kinematoqrafiyasının seçmə nümunələri Azərbaycan dilinə dublyaj edilir. “Bakı Film” Kinostudiyasında, “28 Cinema”nın sifarişi ilə dublyaj edilən “Başlayanlar Üçün Türk Dili” bədii filmi, Azərbaycanın əcnəbi kino yayım şəbəkəsində, ən baxımlı film kimi, 2013-cü ilin qızıl siyahısına daxil edilib.
Bu gün “Bakı Film” Kinostudiyası, iki yeni televiziya serialı layihəsi üzərində işləyir. Azərbaycanda ən iri pavilyon, müasir çəkiliş texnikası və peşəkar səsyazma studiyalarına malik olan “Bakı Film”, öz istehsalını və əməkdaşlığını ildən-ilə genişləndirir, yeni-yeni nailiyyətlərə imza atır.
İnkişaf davam edir…